Belediyye.info olaraq xeyli müddətdir ki, ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin dəstəyi ilə nazirliyin regional idarələriylə sıx əməkdaşlıq əlaqələrin qurulmasına nail olmuşuq. Məhz bu əlaqələr nəticəsində nazirliyin on regional idarəsinin fəaliyyətinə, xüsusən də onların bələdiyyələrlə bağlı həyata keçirdiyi layihələrə geniş yer verilməkdədir.
ilk olaraq bu əməkdaşlığı daha geniş şəkildə təqdim etmək, o cümlədən idarənin fəaliyyətiylə daha yaxından tanış olmaq məqsədiylə şirvan regional ədliyyə idarəsində olaraq idarənin rəisi, ədliyyə müşaviri Nizami Hüseynovla görüşdük.
idarənin yurisdiksiyasında olan beş rayonda formalaşdırılan 79 bələdiyyələrin fəaliyyətindən başlamış onların problemləri, bu problemlərin həlli yollarına söhbət əsnasında ətraflı toxunduq. Bələdiyyələrin fəaliyyətiylə bağlı həqiqətən çox ciddi və diqqətiçəkən məqamları birgə müzakirə etdik.
Nizami Hüseynova ilk sualım da məhz rəhbərlik etdiyi idarənin yurisdiksiyasında olan bələdiyyələrin fəaliyyəti ilə bağlı oldu.
-Bələdiyyələrin fəaliyyəti Sizi qane edirmi?
- Artıq bələdiyyələrin fəaliyyətinin 18-ci ilinin tamam olmasına az vaxt qalır. Yeni seçilən bələdiyyələr iki il yarım ərzində deyərdim bir sıra uğurlara imza atıblar. Xüsusən şəhər bələdiyyələrini-şirvan, Neftçala, Salyan bələdiyyəsini misal olaraq çəkə bilərəm.
Bələdiyyələrə inzibati nəzarəti həyata keçirən orqan olaraq əsas vəzifəmiz bələdiyyə protokollarını qanunauyğun şəkildə qəbul etmək, bələdiyyələrə metodik yardım göstərmək, o cümlədən vətəndaş müraciətlərini diqqətdə saxlamaqdır. Biz üzərimizə düşən bu vəzifəni çalışırıq ki, layiqincə yerinə yetirək.
Cari ilin altı ayı ərzində keçirdiyimiz hər bir seminarda dəfələrlə bələdiyyə sədrlərinə öz vəzifələrinin icrası izah olunub.
Sözsüz ki, qarşlaşdığımız çətinliklərdə vardır. Bir çox bələdiyyə sədrləri protokolların tərtibində diqqətsizlik, bəziləri isə məsuliyyətsizlik edirlər. Artıq bununla bağlı idarə əməkdaşları izahat işlərini davam etdirməklə yanaşı, ardıcıl və davamlı şəkildə tənqiddən nəticə çıxarmayan bələdiyyə sədrlərinə qarşı cərimə sanksiyası tətbiq edir.
Qeyd edim ki, ötən ildən qəbul edilən dəyişikliyə görə, cərimənin həcmi 20-40 manatdan 400-600 manatadək artırılıb. Və bu cərimə tətbiq edildlyi halda onun ödənişi yalnız bələdiyyə sədrinin şəxsi vəsaiti hesabına həyata keçirilir.
- Fikrinizcə bələdiyyələr fəaliyyətlərində daha çox nəyə diqqət yetirməlidirlər?
-Bələdiyyələr ən əsası vətəndaş müraciətlərinə, vətəndaş qəbullarına diqqətli olmalıdırlar. Onlara müraciət edən hər kəsin probleminin həllinə məsuliyyətlə yanaşmalı, vətəndaşın yanında olmalıdırlar. Sakinin narazılığı da məhz bundan yaranır.
Belə məqamlarda seçicinin də üzərinə məsuliyyət yükü düşür, desəm, yanılmaram. Yəni, biz kimə səs verdiyimizi bilməliyik.
Bəzən qəbullar barəsində inzibati binada heç bir elana rast gəlmək olmur. Hesabatlar, bələdiyyənin fəaliyyəti barəsində inzibati binada heç nə yoxdur. Bu deyərdim ən ciddi problemdir. Seçici üçün çalışan bələdiyyə hesabat verməkdən boyun qaçırır. Söz yoxdur ki, burada bütün məsuliyyəti sədrin üzərinə atmaq olmaz. Bələdiyyənin digər üzvləri və qulluqçuları diqqətli olmalı, bələdiyyənin fəaliyyətinin təbliğinə maraqlı olmalıdır.
-idarə rəhbəri olaraq fikrinizcə, bələdiyyələrə daha çox hansı istiqamətdə tövsiyələr verilməlidir?
-Biz regional idarə olaraq bələdiyyələrə əsas tövsiyyəmiz torpaqların 11 aylıq icarəsində nöqsanlara yol verilməməsinə çağırmaqdır.
Bununla yanaşı bələdiyyə öz inzibati ərazisində şəffaflığı təmin etmək üçün informasiya açıqlığını və vətəndaş məmnunluğunu təmin edərsə, onda inanıram ki, o bələdiyyə hər hansı problemlə üzləşməz.
Bələdiyyələr bu gün çox rahatlıqla yerli vergilərin yığımının həyata keçirilməsinə nail olarsa yaşayış məntəqəsinin abadlıq-quruculuq işlərində də öz töhvələrini lazimi səviyyədə verə biləcəklər.
Belediyye.info